Uşaq ikən nənəmdən ən çox eşitdiyim sözlərdən biri də “vaxtında yuxuya getməsək yuxu mələyi qaçarmış” deyimi olub. Bu yuxu mələyinin tibbi adı isə Melatonin hormonudur.
Bilirsinizmi biz yatarkən orqanizmimizdə nələr baş verir? Orqanizmimizdə biz yatarkən də hormonlarımız ifraz olunmağa və funksiya göstərməyə davam edir. Bəzi hormonların konsentrasiyası məhz yuxu zamanı artır. Bilavasitə yuxuda olduğumuz vacib hormonlarımızdan biri də melatonindir. Onun 70 %-i məhz yuxu zamanı ifraz olunur. Bu hormon bizi stress, erkən qocalma, soyuqdəymə və hətta onkoloji xəstəliklərdən qoruyur. Melatonin orqanizmin bioloji ritmini düzənləyir, insanın gecə-gündüzə uyğunlaşmasına yardım edir, bizi hava qaralan kimi yatmağa aparır. Hormonun ifrazı hava qaralan kimi beyin əsasında yerləşən epifiz adlanan vəzi tərəfindən başlayır, saat 00.00-dan 04.00-a kimi maksimuma çatır və dan yeri ağarana azalmağa başlayır. Biz yatarkən melatonin öz funksiyasına başlayır. Melatonin güclü, təbii antioksidant və immunomodulyator hesab olunur. Tədqiqatlar göstərir ki, gecələr işləməyə və yuxusuz qalmağa məcbur olan insanlarda, xronik melatonin defisiti olur və belə şəxslər normal gecə yuxusu yatanlara nisbətən 40-60 % daha çox ürək və damarların koronar xəstəliyi, piylənmə, metabolik sindrom, hipertoniya, ateroskleroz və şəkərli diabetlə xəstələnə bilirlər. Əgər siz də komputer və ya televizor qarşısında gec saatlara kimi oturanlardan, səhərə kimi kitab oxuyanlardan, gecələr mütləq gecə lampası və ya şəhərin işıqları altında yatanlardansınızsa, əmin olun ki, melatoninin lazımi miqdarını ala bilməmisiniz. Tədqiqatlar göstərir ki, həddindən artıq gecə işıqlanması qadınlara kişilərdən daha çox təsir edir. Belə qadınların ( xüsusilə gücə növbəsində işləyən qadınların) artıq 30-40 yaşlarına süd vəzi xərçəngindən əziyyət çəkmə ehtimalı yüksəlir.
Mənim sizə bu mövzu ilə bağlı hansı tövsiyyələrim ola bilər?
- Pəncərələrinizi gecələr qalın pərdə ilə örtün.
- Yandırılmış gecə lampası və ya televizorla yuxuya getməyin.
- Əgər gecəyə kimi oturmaq məcburiyyətiniz varsa, olduğunuz otağın zəif işıqlandırılmasına çalışın.
- Gecə saat 12-dən gec yatmayın. Dedeiyim kimi melatoninin maksimum ifraz saatları saat 0-4 arası olur.
Əlavə suallarınız varsa, komentlərdə qeyd edə bilərsiniz.
Həmişə sağlam qalmaq diləklərimlə dr.Ayşən Xəlilova